UPS Gücü və Batareya Tutumu Necə Hesablanır ? VA, Watt, Power Faktor və Effektivlik anlayışları

ups gücü necə hesablanır ?

UPS seçərkən ən çox qarışdırılan mövzulardan biri VA və watt anlayışlarıdır. Çox vaxt insanlar cihazın üzərində yazılan VA dəyərinə baxaraq qərar verir, lakin bu yanaşma düzgün nəticə vermir. UPS-in real gücünü müəyyən etmək üçün VA ilə yanaşı watt, power faktor və effektivlik kimi anlayışları birlikdə qiymətləndirmək lazımdır.

VA UPS-in ümumi gücünü göstərir, amma bu gücün hamısı real iş üçün istifadə olunmur. Real istifadə edilə bilən güc watt ilə ölçülür və cihazların faktiki işləməsi məhz bu göstəricidən asılıdır. VA ilə watt arasındakı fərqi müəyyən edən əsas amil power faktordur. Məsələn, 3000VA gücündə olan bir UPS əgər 0.9 power faktora malikdirsə, onun real gücü 2700W olur. Əgər power faktor 0.6 olarsa, eyni UPS cəmi 1800W güc verə bilər. Bu səbəbdən eyni VA dəyərinə malik UPS-lər arasında ciddi performans fərqi yarana bilər.


Power Faktor və UPS Növünün Əhəmiyyəti

Power faktor UPS-in real güc imkanını müəyyən edən əsas göstəricidir. Bu parametr UPS-in növündən asılı olaraq dəyişir. Online (double conversion) UPS-lərdə power faktor adətən 0.9–1 aralığında olur və bu modellər eyni VA dəyərində daha yüksək real güc təqdim edir. Offline və line-interactive UPS-lərdə isə bu göstərici 0.6-0.9 (əksər modellərdə 0.6) aralaığında olur. Məsələn – 2000VA gücündə olan iki UPS müqayisə edildikdə, power faktoru yüksək olan model daha çox watt verə bilir və nəticədə daha çox cihazı problemsiz işlədə bilir.

Bu fərq xüsusilə server, təhlükəsizlik sistemləri və yüksək sabitlik tələb edən avadanlıqlarda ön plana çıxır. Yəni UPS seçərkən yalnız VA deyil, mütləq power faktor da nəzərə alınmalıdır.

Batareya Tutumu və İşləmə Müddəti

UPS-lərdə batareya tutumu adətən Ah (amper-saat) ilə göstərilir. Məsələn, 12V 7Ah və ya 12V 9Ah. Ah dəyəri batareyanın müəyyən müddət ərzində verə biləcəyi cərəyanın miqdarını göstərir. Məsələn, 7Ah batareya ideal şəraitdə 1 saat ərzində 7A (amper) cərəyan verə bilər. Eyni şərtlərdə 9Ah batareya isə daha çox enerji saxladığı üçün daha uzun müddət işləmə imkanı verir. Lakin real işləmə müddətini müəyyən etmək üçün yalnız bu da kifayət etmir, çünki gərginlik (V) və ümumi enerji (Wh) də nəzərə alınmalıdır.

İşləmə müddətini daha dəqiq başa düşmək üçün batareya tutumunu enerji vahidinə çevirmək lazımdır. Bunun üçün gərginliklə (V) amper-saat (Ah) vurulur və nəticədə watt-saat (Wh) alınır. Məsələn, 12V 7Ah batareya 84Wh enerji deməkdir. UPS daxilində bir neçə batareya olduqda isə bu dəyərlər toplanır. Məsələn, 2 ədəd 12V 7Ah batareya ümumilikdə 168Wh enerji deməkdir. Batareya tutumu nə qədər böyükdürsə, elektrik kəsildikdə sistem bir o qədər uzun müddət işləyəcək.

Effektivlik və Enerji İtkiləri

Effektivlik UPS-in enerjini nə qədər səmərəli ötürdüyünü göstərir. UPS işləyərkən enerjinin bir hissəsi istilik və daxili itkilər şəklində itir. Bu itkilərin əsas səbəblərindən biri inverterin işləməsidir. İnverter batareyadan gələn DC enerjini 220V AC enerjiyə çevirərkən müəyyən enerji sərf edir və bu proses zamanı bir hissə enerji itkiyə gedir. Effektivlik yüksək olduqda bu itkilər azalır və batareya daha qənaətlə istifadə olunur. Nəticədə elektrik kəsildikdə sistem daha uzun müddət işləyir.

Effektivlik aşağı olduqda isə enerji daha çox itkiyə gedir və batareya daha tez boşalır. Bu fərq xüsusilə uzun müddət enerji tələb edən sistemlərdə hiss olunur. Ona görə də UPS seçərkən effektivlik göstəricisi də nəzərə alınmalı vacib parametrlərdən biridir.


Nəticə

UPS seçimi zamanı VA, watt, power faktor, batareya tutumu və effektivlik birgə qiymətləndirilməlidir. VA ümumi göstəricidir, watt real gücü göstərir, power faktor bu iki göstərici arasındakı əlaqəni müəyyən edir, batareya tutumu işləmə müddətinə təsir edir, effektivlik isə enerjinin nə qədər səmərəli istifadə olunduğunu göstərir.

Düzgün seçilmiş UPS həm qoşulan avadanlıqların təhlükəsizliyini təmin edir, həm də elektrik kəsintiləri zamanı stabil və davamlı enerji təminatı yaradır.

Bütün Yazılara Qayıt