IP və Analoq Kameralar Arasındakı Fərqlər

ip ve analoq kameralar arasında fərq

Təhlükəsizlik sistemi qurarkən yaranan suallardan biri budur: IP kamera yoxsa analoq kamera? Hər iki sistemin öz üstünlükləri var və düzgün seçim obyektin tələblərindən, büdcədən və mövcud infrastrukturdan asılıdır.

Bəzən “analoq kamera” deyildikdə insanların ağlına köhnə texnologiyalı, uzaqdan izləmə və idarəetmə imkanları olmayan sistemlər gəlir. Lakin bu yanaşma artıq aktual deyil. Müasir analoq sistemlər texnologiya baxımından kifayət qədər inkişaf edib və bəzi hallarda IP sistemlərlə rəqabət apara bilir.

Texnologiya və İş Prinsipi

IP Kameralar

IP (Internet Protocol) kameralar rəqəmsal sistemdir və görüntünü şəbəkə üzərindən ötürür. Bu kameralar əsasən CAT5, CAT6 və digər şəbəkə kabelləri ilə qoşulur.

Əksər IP kameralar PoE (Power over Ethernet) dəstəyi ilə işləyir. Bu texnologiya sayəsində:

  • Eyni kabel həm enerji ötürür
  • Həm də görüntünü və məlumatı daşıyır

IP sistemlər şəbəkə infrastrukturu ilə inteqrasiya olunduğu üçün geniş obyektlərdə və kompleks layihələrdə daha səmərəli həll təqdim edir.

Analoq Kameralar

Analoq kameralar CCTV infrastrukturu üzərindən işləyir və görüntü siqnalını videoqeydiyyat cihazına ötürür. Analoq sistemlər əsasən CCTV kabel vasitəsilə qoşulur və bu kabel həm görüntünü, həm də enerji təchizatını ötürə bilir. Yəni enerji üçün ayrıca kabel çəkmək mütləq deyil. Yalnız çox uzun məsafələrdə buna ehtiyac olur.

Ən müasir analoq sistemlərdə hətta IP sistemlərə xas olan aşağıdakı funksiyalar da mövcuddur:

  • Motion detection (hərəkət aşkarlama)
  • Perimeter protection (ərazi mühafizəsi)
  • Line crossing (xətt keçmə aşkarlaması)
  • 2-way audio (iki tərəfli səs ötürülməsi)
  • Facial recognition (üz tanıma)

Həmçinin analoq sistemlərdə də uzaqdan izləmə və idarəetmə imkanları var.

Görüntü Keyfiyyəti

IP kameralar yüksək görüntü keyfiyyəti barəsində geniş seçim imkanı təqdim edir və görüntü rəqəmsal formada ötürüldüyü üçün analitika baxımından daha stabildir.

Lakin müasir analoq sistemlər də artıq 2MP, 4MP, 5MP və 8MP kimi yüksək keyfiyyətlərdə işləyə bilir.  Kiçik və orta ölçülü obyektlər, ev istifadəçiləri üçün bu göstəricilər tamamilə kifayət edə bilər.

İnfrastruktur və Quraşdırma

IP Sistem

  • PoE dəstəyi quraşdırma prosesini sadələşdirir
  • Daha inkişaf etmiş video analitika və ağıllı funksiyalar dəstəkləyir
  • Mərkəzləşdirilmiş idarəetmə və uzaqdan konfiqurasiya imkanları təqdim edir
  • Digər təhlükəsizlik və IT sistemləri ilə inteqrasiya oluna bilir

Analoq Sistem

  • Sistem quruluşu konfiqurasiya baxımından daha az mürəkkəbdir
  • Büdcə baxımından daha sərfəli seçim ola bilər

Əgər obyektinizdə artıq CCTV xətti mövcuddursa, analoq sistem daha məntiqli seçim ola bilər.

Kabelləşmə və Enerji Təminatı

Analoq sistemlərdə kameralar CCTV kabel vasitəsilə DVR-a qoşulur və enerji də əksər hallarda eyni kabel üzərindən ötürülür. Enerji təchizatı adətən 12V CCTV adapter vasitəsilə həyata keçirilir və bir neçə kamera eyni adapterdən qidalanır.

Lakin məsafə artdıqca kabeldə gərginlik düşümü yarana bilər. Bu zaman kamera tələb olunan gərginliyi tam ala bilmədiyi üçün stabil işləməyə bilər. Praktikada belə hallarda kameraya yaxın nöqtədə ayrıca adapter istifadə olunur. Yəni burada əsas faktor məsafə, kabelin mis tərkibi və qalınlığıdır. Eləcə də keyfiyyətli adapterdən istifadə etmək vacibdir.

IP sistemlərdə isə enerji və məlumat PoE texnologiyası vasitəsilə eyni şəbəkə kabeli üzərindən ötürülür və enerji paylanması PoE switch üzərindən idarə olunur. Uzun məsafələrdə IP sistemlərdə də volt düşümü mümkündür, lakin standartlaşdırılmış PoE infrastrukturu səbəbilə bu proses daha stabil və nəzarət edilə biləndir.

Hansı Halda Hansı Seçilməlidir?

IP Kamera Tövsiyə Olunur :

  • Böyük və mühüm əhəmiyyətli obyektlərin qorunması zamanı
  • Gələcəkdə sistemin genişləndirilməsi planlaşdırılırsa
  • Şəbəkə infrastrukturu hazırdırsa
  • Mərkəzləşdirilmiş idarəetmə prioritetdirsə

Analoq Kamera Tövsiyə Olunur :

  • Mövcud CCTV infrastrukturu varsa
  • Büdcəyə qənaət vacibdirsə
  • Kiçik və orta obyektlərdə istifadə olunacaqsa

Nəticə

Əsas məsələ obyektin real ehtiyaclarını düzgün analiz etmək və uyğun sistemi seçməkdir. Hər iki texnologiya düzgün tətbiq edildikdə effektiv və etibarlı təhlükəsizlik həlli təqdim edə bilər.

Kamera seçimi zamanı yalnız texnologiya fərqi deyil, görüntü keyfiyyəti, obyektiv seçimi, yaddaş və IP qoruma standartı kimi meyarları da nəzərdən keçirmək vacibdir. Ətraflı məlumat üçün “Kamera Seçərkən Nələrə Diqqət Etməlisiniz?”  adlı məqaləmizə nəzər yetirə bilərsiniz.

Bütün Yazılara Qayıt