Kamera Seçərkən Nələrə Diqqət Etməlisiniz?

Təhlükəsizlik kamerası

Düzgün kamera seçimi təhlükəsizlik sisteminin əsas şərtidir. Seçim imkanları çox genişdir və hər kamera hər obyekt üçün uyğun deyil. Gəlin əsas meyarlara baxaq.

Hansı Texnologiya Sizə Uyğundur?

IP Kameralar

Şəbəkə kabeli ilə işləyən bu kameralar müasir dövrün standarıdır. Demək olar ki, bütün IP kameralar PoE dəstəyi ilə gəlir — eyni kabel həm enerji, həm də görüntü ötürür. Görüntü və idarəetmə imkanları çox genişdir. Bu tipdə müxtəlif parametrlərdə modellər mövcuddur. Onların əsas üstünlüyü – uzaq məsafələrdə keyfiyyət itkisi olmadan işləməsi və şəbəkə infrastrukturu ilə inteqrasiyadır.

Analoq Kameralar

Analoq sistemlərin əsas üstünlüyü – münasib qiymətdir. Kiçik obyektlər üçün optimal həlldir. “Analoq kameralar artıq köhnəlib” fikri tamamilə yanlışdır. Müasir analoq kameraların bəzilərində motion detection (hərəkət aşkarlama), line crossing (müəyyən olunmuş xəttin keçilməsi), perimeter protection (ərazi mühafizəsi) kimi ağıllı funksiyalar var. Müasir analoq kameraların bəziləri çox yüksək görüntü imkanına malikdir.

Wi-Fi Kameralar

Bu kameralar əslində IP kameraların bir növüdür. Sadəcə bu tip kameralarda əsas fərq simsiz işləmə imkanının olmasıdır. Bu cəhətdən istifədəçiyə qoşulma rahatlığı təmin edir, amma yenədə bəzi nüanslar nəzərə alınmalıdır. Wi-Fi siqnalı divarlardan keçərkən zəifləyir, bu qırılmalara səbəb ola bilər. Yəni şəbəkə avadanlığınız çox uzaqdadırsa bu kameralar həmin şəraitdə stabil işləməyəcək. Wi-Fi kameraların əksəriyyəti üçün də elektrik təchizatı lazımdır – yəni tamamilə simsiz deyillər. Yalnız daxili batareya və ya günəş paneli ilə təchiz olunan modellər tam simsiz işləyə bilir. Ev şəraiti və kiçik ofislər üçün əlverişlidir, amma böyük obyektlərdə və çoxlu sayda kameraya ehtiyac olan yerlərdə elektrik və internet şəbəkəsi qaydasındadırsa bu halda kabellə işləyən kameraların (IP və ya Analoq) seçilməsi daha etibarlı həll olacaq.

4G Kameralar

Şəbəkə infrastrukturu hazır olmayan, tikintisi davam edən obyektlər, ucqar ərazilər, və ya müvəqqəti istifadə üçün nəzərdə tutulan yerlərdə ideal variantdır. SIM kart vasitəsilə işləyir. Burada sadəcə SIM nömrənin internet xərcləri nəzərə alınmalıdır. Mobil şəbəkənin keyfiyyəti birbaşa kameranın işinə təsir edir. Bu kameraların əksəriyyəti üçün də elektrik təchizatı lazımdır (daxili batareyalı və günəş panelli modellər istisna olmaqla)  – yəni tamamilə simsiz deyillər.

 

Əsas Seçim Meyarları

Görüntü keyfiyyəti:

Burada sadəcə yüksək rəqəm axtarmayın. Mühafizə ediləcək ərazinin ölçüsünə və digər tələblərinə də diqqət etmək lazımdır. Geniş ərazilər üçün yüksək meqapikselli kameralara ehtiyac ola bilər, lakin kiçik və ensiz yerlər üçün üçün 2MP kamera belə kifayət edə bilər.

İşıqlandırma şəraitinə uyğunluq:

Zəif işıqlı və ya tam qaranlıq şəraitdə aydın görüntü üçün IR (İnfraqırmızı işıq)  və LED (Ağ işıq) dəstəyi vacibdir. Əksər kameralarda IR və LED dəstəyi mövcuddur. Bu texnologiyalar arasındakı fərqi sadə şəkildə belə izah etmək olar: LED-lə təchiz  olunmuş kameralar işıqsız vəya zəif işıqlı yerlərdə IR-lə təchiz olunan kameralara nisbətən daha aydın görüntü verə bilir. Çünki LED işıqla işləyən kameralar ərazini daha güclü işıqlandırır (ağ işıq vasitəsilə) və nəticədə gecə görüntüsü rəngli və aydın görünür. Burada əsas məsələ bu texnologiyaların verə bildiyi maksimum məsafədir.

Obyektiv:

Kameranın sabit və ya varifokal linzalı olması mühüm fərqdir. Dar sahəyə baxmaq üçün böyük fokus məsafəsi, geniş ərazini tam şəkildə izləyə bilmək üçün isə qısa fokus məsafəsi olan kameralar tələb olunur. Məsələn: geniş ərazilərdə sahəyə ümumi nəzarət üçün 2.8mm linzalı kameralar uyğundur. Burada 6mm kimi fokus məsafəsi olan kameralar ərazini tam nəzarətdə saxlamağa imkan verməyəcək. Amma ərazidəki hər hansı bir nöqtəni daha yaxından, daha aydın izləmək istəyirsinizsə 4mm, 6mm və daha böyük fokus məsafəsi olan kameralar sizin üçün uyğun olar. Varifokal linzalı kameralarda isə fokus məsafəsini tənzimləmək mümkündür, yəni quraşdırma zamanı görüntü bucağını öz ehtiyacınıza uyğunlaşdıra bilərsiniz. Varifokal kameraların daha müasir növü olan motorlu varifokal kameralarda bu tənzimləmə əl ilə deyil, uzaqdan həyata keçirilir – kameraya fiziki müdaxilə etmədən kompüter və ya mobil tətbiqdən zoom edib fokus dəyişə bilərsiniz.

IP qorunma dərəcəsi:

Açıq havada istifadə üçün  kameralarınızın minimum IP66 standartına uyğun olması tövsiyə olunur. Qapalı məkanlarda isə IP dərəcəsi o qədər vacib deyil.

Saxlama müddəti (Yaddaş):

Yaddaş seçimi zamanı bir neçə vacib nüansı nəzərə almaq lazımdır. Diqqət edilməsi vacib olan ən əsas məsələlər: kameranın neçə meqapiksel olması, videoqeydiyyat cihazının meqapiksel dəstəyi, H.265+ kimi texnologiyalar yaddaşı effektiv istifadə etməyə imkan verir, görüntünün hansı axıcılıqda olması (FPS) isə yaddaş tutumuna təsir edən faktorlardan biridir. Məsələn 2TB yaddaş qurğusu 4 ədəd 2MP kameraları ortalama 2 həftə (bu rəqəm şərtidir və kodek, FPS kimi parametrlərdən asılıdır) yaddaşda saxlaya bildiyi halda eyni sayda 4MP görüntü keyfiyyətində olan kameraları təxminən 1 həftə saxlaya bilər. Bu kimi məsələlərdə seçim edərkən mütəxəssislə məsləhətləşmək və uyğun yaddaş ölçüsünü seçmək faydalıdır.

İnteqrasiya:

Mövcud sistemlə uyğunluq vacibdir. Yeni aldığınız kamera köhnə DVR/NVR cihazında işləməyə bilər. Kamera alarkən videoqeydiyyat cihazıyla kameranın uyğunluğundan əmin olmaq lazımdır. Əsasən protokol və meqapiksel uyğunluğu kimi detallara diqqət etmək vacibdir.

Nəticə

Ən bahalı kamera həmişə ən yaxşı seçim deyil. Obyektin konkret tələblərinə uyğun parametrləri seçmək vacibdir. Bu məsələlərdə mütəxəssislə məsləhətləşmək doğru qərardır.

Bütün Yazılara Qayıt